Bəhruz Kəngərli Muzeyi istifadəyə verilib

                         

 

 

Bəhruz Kəngərli Muzeyinin binasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

 .Ali Məclisin Sədri Bəhruz Kəngərli Muzeyinin bərpa yenidənqurma işlərindən sonra istifadəyə verilməsi, əsərlərinin tam külliyyatı ilə sərgilənməsi münasibətilə tədbir iştirakçılarını ictimaiyyətin nümayəndələrini təbrik edərək deyib: “Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. Həmin dövrdə bu bina muzeyə verilib. 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən, Tədbirlər Planı hazırlanaraq həyata keçirilib. Tədbirlər Planına əsasən, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 əsərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb. Bu gün həmin albom-kataloqun təqdimatı da keçirilir. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, Bəhruz Kəngərliyə aid sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərəcək. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm əsərlərindən 58-i orijinaldır.

Daha sonra Ali Məclisin Sədri deyib: “Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi binanın yenidən qurularaq istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə ki, Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli vətənpərvər bir rəssam olub. Bəhruz Kəngərli yaşadığı torpağı sevən, onun təbiətinə vurğun bir insan idi. Onun əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu qırmızı xətlə keçir. Bəhruz Kəngərli eyni zamanda insanpərvər bir rəssam idi. O, öz dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkmiş, portret janrında dəyərli əsərlər yaratmışdır. Bəhruz Kəngərli xalqını sevən bir rəssam idi. O, əsərlərində xalqımızın tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunələridir”.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə yaradılan şəraitlə tanış olub, ekspozisiya zallarında sərgilənən əsərlərə baxıblar.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində 2 iş otağı, fond və 4 ekspozisiya zalı, ikinci mərtəbəsində isə 4 ekspozisiya zalı və Heydər Əliyev xatirə otağı yerləşir. Ali Məclisin Sədri sənətşünas alimlər tərəfindən Bəhruz Kəngərli irsinin ətraflı tədqiq olunması, muzeydə ali məktəb tələbələrinin və ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə dərslərin keçilməsi, Bəhruz Kəngərli irsinin layiqincə təbliğ edilməsi barədə müvafiq tapşırıqlar verib.

 

Seyidzadə Hacı Tofiq

 

Azad Azərbaycan.- 2013.- 28 iyun.- S.5.